Qaraquş zəngçiçəyi
Qaraquş zəngçiçəyi (lat. Campanula karakuschensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür.
Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd–göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür.